Kemerovodakı Podqorbunski adına xəstəxananın cərrahı və endoskopisti diş həkimi kreslosunda alət udmuş xəstənin həyatını xilas edib.
E-saglam.az xəbər verir ki, hekayə tibb müəssisəsinin VKontakte sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Rusiyada stomatoloqa gedən bir kişi maraqlı və təhlükəli hadisə yaşayıb. İmplant bərkidilən zaman istifadə olunan alət – təxminən 3 santimetr uzunluğunda metal bolt – reflekslə udulub. Kişi əvvəlcə boltun bədənindən təbii yolla çıxmasını gözləyib, lakin bu baş verməyib və o, həkimə müraciət edib.
Cərrah Aleksey Novikov boltun nazik bağırsaqda olduğunu müəyyən edib və onu əllə yoğun bağırsağa köçürüb. Buna baxmayaraq, alət hələ də bədəndə qalıb. Sonradan həkimlər endoskopiya üsulu ilə boltu çıxarıblar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür iti metal cisimlər daxili qanaxma və ya bağırsaq divarında yırtılma (perforasiya) kimi ağır fəsadlara, hətta ölümə səbəb ola bilər. Xoşbəxtlikdən, xəstənin vəziyyəti hazırda stabildir və həyatı üçün təhlükə yoxdur.
Tərcümə: Könül Oruc