Ümumi praktik həkim Alina Krasikova bildirir ki, keyfiyyətli yuxu həm fiziki, həm də psixi sağlamlığın əsas şərtlərindən biridir.
E-saglam.az xəbər verir ki, səhərlər təravətli oyanmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək kifayətdir.
1. Yuxu müddətini düzgün hesablayın
Orta hesabla 6–8 saat yuxu yetərlidir, lakin bu müddət insandan insana dəyişə bilər. Bədəninizin ehtiyacını müşahidə edin.
2. Sabit rejim yaradın
Hər gün eyni saatda yatıb oyanmaq bioritmlərinizi sabitləşdirir və yuxunun dərinliyini artırır.
3. Mühiti rahatlaşdırın
Yatdığınız otaqda qaranlıq və sakitlik təmin edin. Qaranlıq pərdələr və səsə qarşı qulaqcıqlar faydalıdır.
4. Qəhvə və alkoqoldan uzaq durun
Bu maddələr yuxu keyfiyyətini zəiflədir və yuxusuzluğa səbəb ola bilər.
5. Rahat yataq və hava
Yaxşı döşək və yastıqla yanaşı, otağın temperaturu da vacibdir. 18-22°C arasında olan mühit ideal sayılır.
6. Gün ərzində fiziki aktivlik
Açıq havada gəzmək və gün ərzində yüngül idman yuxunu yaxşılaşdırır. Ancaq yatmazdan əvvəl intensiv məşqlərdən çəkinin.
7. Axşam ağır yeməklərdən uzaq olun
Yağlı və həzm olunması çətin qidalar yuxuya mane olur. Yüngül meyvə və tərəvəz qəlyanaltılarına üstünlük verin.
8. Elektron cihazlardan uzaq durun
Yatmazdan əvvəl telefon və planşet kimi cihazlardan istifadə etməmək yuxuya getməni asanlaşdırır. Bu cihazlar mavi işıq yayaraq beyni ayıq saxlayır.
9. Aromaterapiyadan istifadə edin
Lavanda kimi təbii qoxular rahatlamanı və yuxuya getməyi asanlaşdıra bilər.
Əgər bütün bu üsullara baxmayaraq yuxu problemi davam edirsə, nevroloq və ya somnoloqla məsləhətləşmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc