Mütəxəssislər bildirir ki, uzun müddət oturmaq, xüsusən də avtomobil sürərkən saatlarla hərəkətsiz qalmaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, bu vəziyyət bel və onurğa ağrılarına, əzələlərin yorğunluğuna və gərginliyinə gətirib çıxara bilər. Eyni risk ofisdə və ya evdə masa arxasında uzun müddət oturan insanlara da aiddir və 6 saatdan çox oturmaq orqanizm üçün zərərli hesab olunur.
Oturma mövqeyini düzgün tənzimləyin
Sürücülər üçün ilk addım oturacağın düzgün tənzimlənməsidir. Arxa oturacağa tam oturmaq, dizlərin ombadan bir qədər aşağıda olması onurğaya düşən yükü balanslaşdırır. Bel dayağı yoxdursa, kiçik yastıq və ya yuvarlanmış dəsmal istifadə edilə bilər.
Fasilələr və gərmə hərəkətləri
Hər 1-2 saatdan bir qısa fasilə verərək gəzinti etmək və sadə gərmə hərəkətləri etmək qan dövranını yaxşılaşdırır və əzələ gərginliyini azaldır.
Ağrı baş verdikdə nə etməli?
Mütəxəssislər isti və soyuq kompreslərin uzun müddət oturandan sonra bel ağrılarını yüngülləşdirdiyini bildirir. İsti kompres əzələləri rahatladır, qan dövranını artırır, soyuq kompres isə şişkinliyi və iltihabı azaldır. Kompresin 15-20 dəqiqə tətbiq olunması tövsiyə olunur.
İsti kompres nədir?
İsti kompres isti su şüşəsi, qızdırılmış dəsmal və ya istilik yastığı ilə tətbiq olunur. Əzələləri rahatladır, qan dövranını yaxşılaşdırır və xroniki ağrıları azaldır.
Soyuq kompres nədir?
Soyuq kompres buz paketi, soyudulmuş gel paketi və ya soyuq suda isladılmış parça ilə tətbiq olunur. Şişkinlik, iltihab və ani ağrılara qarşı təsirlidir. Qan damarlarını daraldaraq ağrı və şişkinliyi yüngülləşdirir.
Tərcümə: Könül Oruc