Tibbi xəbərlər
Alimlər podaqra ilə mübarizə üçün
Tibbi xəbərlər
14

Alimlər podaqra ilə mübarizə üçün 20 milyon yaşlı geni canlandırdılar

Gut (podaqra) ağrısı minilliklərdir insanlarla birlikdədir. Sidik turşusunun yüksək səviyyəsi oynaqlarda və böyrəklərdə kristallar əmələ gətirərək hiperurikemiya, podaqra, böyrək xəstəlikləri və qaraciyər zədələnməsinə səbəb olur. Bunun qarşısını almaqda urikaz fermentini istehsal edən urikaz geni mühüm rol oynayır. Təəssüf ki, insan əcdadları milyonlarla il əvvəl bu geni itirib.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Corciya Dövlət Universitetindən bioloqlar Lais Baliko və Erik Gaucher qədim urikaz genini bərpa etmək üçün CRISPR texnologiyasından istifadə ediblər. Təkamül təzyiqləri 20-29 milyon il əvvəl genin bir neçə primat nəsilində itirilməsinə səbəb olmuşdu. O dövrdə əlavə sidik turşusu meyvə şəkərini yağa çevirmək və qida çatışmazlığından xilas olmaq üçün faydalı idi.

Alimlər urikazın qədim versiyasını laboratoriyada insan qaraciyər hüceyrələrinə tətbiq etdikdə sidik turşusunu azaltdı və hüceyrələrin artıq fruktozanı trigliseridlərə çevirməsinin qarşısını aldı. Eyni müsbət nəticələr 3D qaraciyər sferoidlərində də müşahidə olundu. Bu yanaşma hələ heyvan modellərində sınaqdan keçirilməlidir, lakin fermentin hüceyrənin düzgün hissələrinə çatması perspektivlidir.

Urikaz geninin yenidən aktivləşdirilməsi təkcə gutla deyil, həm də yüksək sidik turşusu ilə əlaqəli ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və böyrək daşlarının qarşısını alma potensialına malikdir. Hiperurikemiya ABŞ-də hər 5 nəfərdən birində mövcuddur və pəhriz faktorlarından təsirlənir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun