Performans gücləndirici dərmanlar hər kəs üçün təhlükəsiz deyil. Xüsusilə gizli ürək xəstəliyi olan insanlarda bu dərmanlar qəfil infarkt və ritm pozuntularına səbəb ola bilər.
E-saglam.az-ın məlumatına görə, PDE5 inhibitorları damarları genişləndirir, lakin əgər damar sərtliyi, ürək çatışmazlığı və ya digər risk faktorları varsa, bu təsir həyati təhlükə yarada bilər. Problemin ən təhlükəli tərəfi isə odur ki, bir çox insan bu riskləri daşıdığından xəbərsizdir.
Son illərdə 40-60 yaş arası insanlarda cinsi əlaqə zamanı qəfil ölümlərin artdığı müşahidə olunur. Onların bir qismi infarkt keçirir, digərlərində isə ritm pozuntuları aşkar edilir. Ümumi ortaq nöqtə isə bu şəxslərin cinsi performansı artırmaq üçün dərmanlardan istifadə etməsidir. Həkimlərin fikrincə, bu dərmanlar sağlam şəxslər üçün təhlükəsiz olsa da, bəzi ürək-damar pozuntuları olan insanlar üçün ölümcül nəticələrə yol aça bilər.
PDE5 inhibitorları ürəyə birbaşa təsir etmir, lakin bədəndəki damar sisteminə təsir göstərərək ürəyi dolayısı ilə yükləyə bilir. Əgər damarlar sərtdirsə və elastikliyini itiribsə, genişlənmə nəticəsində yırtılma və ya laxtalanma riski yarana bilər. Gizli ürək çatışmazlığı olan insanlarda isə bu yük ürəyin öhdəsindən gələ bilməyəcəyi bir vəziyyətə səbəb ola bilər.
Qan təzyiqi dərmanları, xüsusilə nitrat qrupuna daxil olan preparatlarla birlikdə bu həblərin istifadəsi qəfil təzyiq enməsinə, huşun itirilməsinə və ritm pozulmasına səbəb ola bilər. Bu səbəbdən də ciddi ürək problemi olanlar üçün bu dərmanlar qətiyyən tövsiyə edilmir.
Orta səviyyəli cinsi fəaliyyət ürəyə təxminən 6-8 dəqiqəlik yüngül gəzinti qədər yük gətirir. Sağlam insanlar üçün bu təhlükə yaratmasa da, son 6 ayda sinə ağrısı yaşamış, səy testində ritm pozuntusu müşahidə olunan və ya fiziki gücü zəif olan şəxslər üçün bu fəaliyyət zamanı ürək böhranı riski yüksək ola bilər.
Bu dərmanların istifadə edilib-edilməməsi ilə bağlı qərar yalnız kardioloqun qiymətləndirməsi ilə verilməlidir. Gündəlik istifadəsi deyil, həkim nəzarəti ilə və ehtiyac olduqda, müəyyən fasilələrlə istifadə edilməlidir. Ürək testləri aparılmadan bu cür dərmanların istifadəsi tövsiyə olunmur.
Bəzən insanlar testlərdən keçdikdən sonra "hər şey normal idi" deyə düşünə bilər. Ancaq standart testlər hər zaman dərin ürək risklərini aşkarlamır. Bəzi risklər yalnız genişləndirilmiş müayinələrlə, məsələn, koronar angioqrafiya ilə müəyyən edilə bilər.
Riskli hesab edilən insanlar arasında 45 yaşdan yuxarı kişilər, ailəsində ürək xəstəliyi olanlar, siqaret və ya qəlyan istifadəçiləri, yuxu pozuntuları yaşayanlar, yüksək qan təzyiqi və xolesterol dərmanı istifadə edənlər, eləcə də yüksək qaraciyər fermentləri olanlar yer alır.
PDE5 inhibitorlarının əsas funksiyası damarları genişləndirmək və beləliklə, ereksiyanı asanlaşdırmaqdır. Ancaq bu təsir yalnız cinsiyyət orqanları ilə məhdudlaşmır – bütün damar sistemi təsirlənir və nəticədə qan təzyiqi düşə bilər, ürək daha çox yüklənə bilər.
Bu səbəbdən, performans həbləri ehtiyatla və yalnız tibbi nəzarətlə istifadə edilməlidir. Cinsi fəaliyyət planlaşdıran şəxslər EKQ, səy testi, xolesterol və qaraciyər funksiyaları kimi öncədən müayinələrdən keçməlidir. Bu, həm təhlükəsizliyi təmin edər, həm də gözlənilməz faciələrin qarşısını ala bilər.
Tərcümə: Könül Oruc