Faydalı
Hər gün bir fincan çayın gözlənilməz faydası:
Faydalı
97

Hər gün bir fincan çayın gözlənilməz faydası: ürək damarlarını qoruyur

Yeni elmi araşdırma göstərib ki, gündə bir fincan çay içmək, xüsusilə yaşlı qadınlarda ürək-damar sağlamlığını qorumaqda mühüm rol oynaya bilər.

E-saglam.az bildirir ki, Edith Cowan Universitetinin alimləri müəyyən ediblər ki, qara çay abdominal aorta kalsifikasiyası riskini əhəmiyyətli dərəcədə azaldır. Bu isə infarkt, insult və damar tıxanıqlığı kimi ciddi problemlərin qarşısının alınmasında vacib faktor hesab olunur.

Tədqiqatda yaşı orta hesabla 80 olan 881 qadın iştirak edib. Nəticələrə görə, gündəlik olaraq qara çay içənlərdə bu ciddi damar problemi daha az rast gəlinib. Alimlər bunun səbəbi kimi çayın tərkibindəki flavonoidlərin antioksidant və iltihab əleyhinə təsirlərini göstərirlər.

Flavonoidlər və ürək sağlamlığı

Flavonoidlər — çay, alma, qaragilə, üzüm, tünd şokolad və qırmızı şərab kimi qidalarda mövcud olan bitki əsaslı birləşmələrdir. Lakin tədqiqatçılar bildirirlər ki, qara çay bu maddənin ən zəngin mənbələrindən biridir.

Araşdırma zamanı gündə 2-6 fincan çay içən insanlarda abdominal aortanın kalsifikasiyasına tutulma riski heç çay içməyənlərlə müqayisədə 16-42% daha aşağı olub. Həmçinin flavonoid qəbulunun daha yüksək olduğu şəxslərdə bu riskin 36-39% arası azaldığı müəyyən olunub.

Bütün flavonoid mənbələri eyni deyil

Tədqiqatın maraqlı nəticələrindən biri də odur ki, meyvə suyu, qırmızı şərab və ya şokolad kimi digər flavonoid mənbələrinin bu təsiri göstərmədiyi aşkar edilib. Buna baxmayaraq, qara çay içməyənlər üçün faydalı alternativlərin mövcudluğu qeyd olunub — əsas olan flavonoidlə zəngin qidaların balanslı şəkildə qəbuludur.

Tədqiqatçılar hesab edir ki, müxtəlif mədəniyyətlərdə çay istehlakı fərqli olsa da, ümumi flavonoid qəbulu düzgün pəhriz vasitəsilə rahatlıqla artırıla bilər.

Qeyd: Bu məqalə yalnız maarifləndirici məqsəd daşıyır. Sağlamlıqla bağlı hər hansı problem yaşadığınız halda həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun