Rus qida tənqidçisi Dmitri Alekseev bildirib ki, ucuz suşi məhsullarında parazitlərə, xüsusilə də helmintlərə yoluxma riski yüksəkdir. Onun sözlərinə görə, belə suşilər adətən keyfiyyətsiz və düzgün emal olunmamış xammaldan hazırlanır.
E-saglam.az xəbər verir ki, "Moskva danışır" Telegram kanalına açıqlamasında Alekseev deyib ki, helmintlərin təhlükəsiz hesab olunması üçün balıq məhsulları ən azı mənfi 60 dərəcə temperaturda dondurulmalıdır. Bu temperaturda parazitlər məhv olur.
Tənqidçi əlavə edib ki, bəzi restoranlar orijinal Yapon məhsulları əvəzinə yerli xammaldan istifadə edir. Bu isə əgər məhsul düzgün saxlanmayıbsa, yoluxma riskini artırır. Bununla belə, o qeyd edib ki, Rusiyada da yüksək keyfiyyətli dəniz məhsulları mövcuddur və son illər Uzaq Şərq və Murmansk kimi bölgələrdən keyfiyyətli balıq idxalı artıb.
Alekseev xəbərdarlıq edir ki, suşi həvəskarları daha ucuz restoran və çatdırılma xidmətlərini seçərkən ehtiyatlı olmalı, məhsulun mənşəyi və saxlanma şəraiti barədə məlumat əldə etməyə çalışmalıdırlar.
Tərcümə: Könül Oruc