Üzümün müntəzəm istehlakı, xüsusilə 50 yaşdan yuxarı qadınlarda əzələ gücünü artırmağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Kaliforniya ştatındakı Devis Universitetinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.
Tədqiqat zamanı iştirakçılar iki qrupa bölünüb: birinci qrup üzüm tozu qəbul edib, digər qrup isə plasebo ilə təmin olunub. Alimlər iştirakçıların tutma gücünü, yerimə sürətini və əzələ-sümük sisteminə təsir edən irisin hormonunun səviyyəsini ölçüblər.
Nəticələrə görə, üzüm qəbul edən qrupdakı qadınlarda tutma gücü və yerimə sürəti əhəmiyyətli dərəcədə artıb. Həmçinin bu qrupda irisin səviyyəsi 14,4% yüksəlib, plasebo qrupunda isə 7,8% azalma qeydə alınıb.
Tədqiqatçılar hesab edir ki, gündəlik qidalanmaya üzümün daxil edilməsi sarkopeniya (yaşa bağlı əzələ kütləsinin və gücünün itməsi) riskini azaltmaq üçün sadə və ümidverici bir qidalanma strategiyası ola bilər. Qeyd edək ki, bu problemin hələlik effektiv müalicə üsulu mövcud deyil.
Tərcümə: Könül Oruc