Böyük Britaniyadan olan Felicity Ashley əmindir ki, idman və təbiətdə aktiv həyat tərzi ona bağırsaq xərçəngi ilə mübarizədə kömək edib.
E-saglam.az xəbər verir ki, o, uğurlu müalicənin sirri kimi "metron" dediyi həyat tərzini – yəni hərəkətli və balanslı gündəlik rejimi göstərir.
Ashley, üç dostu ilə birlikdə Atlantik okeanını avarla keçdiyi marafon zamanı xəstəliyin ilk əlamətlərini hiss edib. "Təxminən yolun yarısında mədə ağrıları və tez-tez tualetə getmə ehtiyacı başladı. Biz bunu ağır fiziki fəaliyyət və yediyimiz qidaların miqdarı ilə əlaqələndirdik və zarafatla qarşılayırdıq", – deyə o xatırlayır.
5000 kilometrlik səfərdən sonra o, 10 kiloqram çəki itirmiş və mədəsində davam edən narahatlıqları müşahidə etmişdi. Başlanğıcda sadəcə istirahətə ehtiyac olduğunu düşünən Ashley, bir müddət sonra nəcisində qan gördüyü üçün həkimə müraciət edib. Kolonoskopiya zamanı isə o, həyatını dəyişən diaqnozu eşidib: “Sizdə kolon xərçəngi var”.
Əməliyyatla bağırsağının bir hissəsi çıxarılıb və altı kurs kimyaterapiya təyin olunub. Müalicədən üç il sonra Ashley xərçəngdən tamamilə azad olub. O, sağalma prosesində idmanın, xüsusilə də təbiətdə gəzmək, qaçış və yoqanın böyük rol oynadığını bildirir.
Felicity Ashley indi insanlara səssizcə davam edən simptomlara diqqət yetirməyi və sağlam həyat tərzinin nə qədər vacib olduğunu xatırladır.
Tərcümə: Könül Oruc