Honq Konq Universitetinin alimləri müəyyən ediblər ki, həftənin başlanğıcı olan bazar ertəsi insanlarda aylarla davam edə bilən və ürək-damar xəstəlikləri riskini artıran uzunmüddətli fizioloji reaksiyalara səbəb olur.
E-saglam.az xəbər verir ki, "Journal of Affective Disorders" jurnalında dərc olunan araşdırmada bazar ertəsi ən çox narahatlıq yaşayan insanların saçlarında stress hormonu olan kortizol səviyyəsinin, digər günlərdə stress keçirənlərlə müqayisədə orta hesabla 23% daha yüksək olduğu göstərilib. Ən maraqlısı isə bu təsirin hətta təqaüdçülərdə də müşahidə edilməsidir. Bu nəticə, stressin yalnız iş yükü ilə deyil, həm də köklü mədəni və bioloji reaksiyalarla əlaqəli olduğunu göstərir.
Tədqiqatçılar Britaniyada aparılan uzunmüddətli ELSA tədqiqatı çərçivəsində 50 yaşdan yuxarı 3511 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar stress səviyyələrini qiymətləndirib və 2-3 ay ərzində bədəndə yığılan kortizol səviyyəsini göstərmək üçün saç nümunələri təqdim ediblər.
Alimlər müəyyən ediblər ki, bazar ertəsi “mədəni stress gücləndiricisi” kimi çıxış edir və bədəndə bioloji reaksiyalar zəncirini işə salır. Kortizol səviyyəsi xroniki şəkildə yüksək olan insanlar bu gündə daha kəskin narahatlıq yaşayır. Araşdırma nəticələrinə görə, bu cür davamlı stress hipotalamo-hipofiz-adrenal sistemin pozulmasına gətirib çıxarır, bu isə ürək xəstəlikləri və piylənmə riskini artırır.
Onsuz da məlumdur ki, infarkt hadisələrinin ən çox baş verdiyi gün bazar ertəsidir. Yeni araşdırma isə bu təhlükəli tendensiyanın arxasında hormonal balanssızlığın dayandığını göstərərək səbəbi daha dəqiq izah edir.
Tərcümə: Könül Oruc