Əgər qan təzyiqiniz yüngül yüksəlibsə və ciddi bir xəstəlik müşahidə olunmursa, həyat tərzində bəzi dəyişikliklərlə təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür.
E-saglam.az xəbər verir ki, xüsusilə təzyiqi 140/90 mmHg-dən bir qədər aşağı olan, orqan zədələnməsi, şəkərli diabet və ya böyrək xəstəliyi olmayan şəxslər üçün bu yanaşma faydalı ola bilər. Hədəf, təzyiqi 130/80 mmHg-dən aşağı salmaqdır. Lakin bu metod hər xəstə üçün uyğun deyil. Risk qrupuna daxil olan şəxslərdə zaman itkisi ciddi fəsadlara səbəb ola bilər.
Təzyiqin tənzimlənməsi üçün ilk və ən vacib addımlardan biri duzun miqdarını azaltmaqdır. Gündə 5 qramdan artıq duz istehlakı təzyiqi əhəmiyyətli dərəcədə artırır. Məlumatlara görə, Azərbaycanda və ümumilikdə bölgədə orta gündəlik duz qəbulu 9-10 qram arasında dəyişir. Bu miqdarı azaltmaq, xüsusilə duza qarşı həssas olan şəxslərdə sistolik təzyiqi 5-6 mmHg səviyyəsində endirə bilər. Eyni zamanda duzun həddindən artıq qəbulu sidiklə kalsiumun orqanizmdən atılmasına səbəb olaraq sümük sağlamlığına da mənfi təsir göstərə bilər.
Təzyiqin idarəsində fiziki aktivlik də mühüm rol oynayır. Mütəxəssislər gündə ən azı 30 dəqiqə tempolu gəzinti və ya velosiped sürməyi tövsiyə edirlər. Bu cür aerobik məşqlər təzyiqin təbii şəkildə azalmasına kömək edir. Bundan əlavə, nəfəs məşqləri də faydalı sayılır. Məsələn, 4 saniyə nəfəs alıb 6 saniyə verməklə sinir sistemini sakitləşdirmək mümkündür. Bu üsullar stressin azaldılmasına, dolayısı ilə təzyiqin salınmasına səbəb olur.
Hər kəsin maraqlandığı bir sual da odur ki, bitki mənşəli dəstəklər nə dərəcədə təsirlidir? Araşdırmalara görə, hibiskus çayı, nar suyu və sarımsaq kimi təbii məhsullar təzyiqi bir neçə vahid azalda bilir. Məsələn, hibiskus çayının gündəlik istifadəsi təzyiqi 5-7 mmHg, nar suyu damar genişləndirici təsiri ilə təzyiqi az miqdarda, sarımsaq isə 5 mmHg-yə qədər endirə bilər. Ancaq bu məhsulların dozası, müddəti və dərmanlarla qarşılıqlı təsiri vacibdir. “Təbii” olması onların mütləq zərərsiz olduğu anlamına gəlmir.
Qan təzyiqinin yüksəlməsinin səbəbləri arasında genetik meyillilik, yaş, hərəkətsizlik, artıq çəki, stress və qeyri-sağlam qidalanma əsas rol oynayır. Bu amillər “əsas hipertoniya” adlanan və çox vaxt konkret səbəbi müəyyən olunmayan təzyiq forması ilə əlaqələndirilir. Potasium və maqnezium kimi minerallar da bu prosesdə mühüm rol oynayır. Bu elementlər bədəndə sodyumun təsirini balanslaşdırır və damar divarlarını rahatlaşdırır. Lakin bu cür əlavələr də yalnız həkim məsləhəti ilə qəbul edilməlidir, xüsusilə böyrək problemi olan şəxslərdə.
Sonda qeyd edək ki, arıqlama təzyiqin idarəsində çox vacib amildir. Sadəcə 5 kiloqram çəki itirmək belə təzyiqdə nəzərəçarpacaq azalma yarada bilər. Bel ətrafının incəlməsi və insulin müqavimətinin azalması da bu prosesə müsbət təsir göstərir.
Ancaq bütün bu tədbirlərə baxmayaraq, yüksək riskli xəstələrdə dərmanla müalicəni təxirə salmaq təhlükəli ola bilər. Doğru yanaşmanı seçmək və qərarı mütləq həkimlə birlikdə vermək lazımdır.
Tərcümə: Könül Oruc