Yüksək temperatur ürək sağlamlığı üçün ciddi təhlükə yaradır.
E-saglam.az xəbər verir ki, kardioloq Prof. Dr. Emre Durakoğlugil yay aylarında havaların qızması ilə infarkt riskinin də artdığını bildirib.
O qeyd edib ki, isti hava zamanı orqanizm istilik tarazlığını qorumaq üçün daha çox çalışır. Bu da ürəyin yükünü artırır, damarların genişlənməsi və qan dövranının dəyişməsi səbəbindən ürək daha sürətli işləməyə başlayır. Xüsusilə ürək çatışmazlığı, şəkərli diabet və hipertoniya kimi xroniki xəstəlikləri olanlar üçün bu vəziyyət infarkt riskini yüksəldir.
Durakoğlugil tərləmə nəticəsində bədəndə maye və mineral itkisi baş verdiyini vurğulayıb. Bu isə qan təzyiqinin düşməsinə, başgicəllənmə və ritm pozğunluğuna səbəb ola bilər.
Risk qrupuna kimlər daxildir?
50 yaşdan yuxarı şəxslər, hipertoniya, şəkərli diabet, böyrək və ürək çatışmazlığı olanlar, bypass və ya stent keçirmiş insanlar xüsusilə diqqətli olmalıdır.
İdman və isti hava: təhlükəli kombinasiyadır
Durakoğlugil xəbərdarlıq edib ki, günəşin ən güclü olduğu saatlarda idmanla məşğul olmaq infarkt riskini artırır. İdman edənlər səhər erkən və ya axşam sərin vaxtlara üstünlük verməlidirlər.
Nələrə diqqət etməli?
Ürək xəstələri dərmanlarını vaxtında qəbul etməli, kifayət qədər su içməli və isti saatlarda kölgədə qalmalıdırlar. Mineral su kimi içkilər faydalı ola bilər, lakin hipertoniya və böyrək problemi olanlar bu içkiləri ehtiyatla qəbul etməlidirlər. Kondisioner istifadə edilən yerlərdə ani temperatur fərqlərindən çəkinmək də vacibdir.
Hansı simptomlar təhlükəlidir?
Nəfəs darlığı, döş ağrısı, ürək döyüntüsü və başgicəllənmə hallarında dərhal həkimə müraciət edilməlidir. Prof. Dr. Durakoğlugil bildirir ki, yay istisi təkcə narahatlıq yox, sağlamlıq üçün də ciddi təhdiddir. Xüsusilə yaşlılar və ürək xəstələri bu dövrdə daha diqqətli davranmalıdır.
Tərcümə: Könül Oruc