Tibbi xəbərlər
Kişilərdə sperma sayı 50% azalıb – ata olmaq şansını artıran
Tibbi xəbərlər
202

Kişilərdə sperma sayı 50% azalıb – ata olmaq şansını artıran 8 vacib təklif

Son illərdə bütün dünyada kişi sonsuzluğu sürətlə artan sağlamlıq problemlərindən birinə çevrilib.

E-saglam.az xəbər verir ki, urologiya mütəxəssisi Prof. Dr. Ramazan Yavuz Akman, sperma sayını və keyfiyyətini azaldan əsas səbəbləri və bu problemi azaltmaq üçün sınaqdan keçmiş 8 vacib tövsiyəni açıqlayıb.

Sperma keyfiyyətini azaldan 3 əsas səbəb

1. Ətraf mühit faktorları

Plastik qablaşdırmalarda və bəzi şəxsi qulluq məhsullarında rast gəlinən BPA və ftalatlar hormon sisteminə zərər vurur. Qurğuşun, kadmium, civə kimi ağır metallar və pestisidlər isə spermanın quruluşunu və hərəkətliliyini pozaraq DNT zədələnməsinə və sonsuzluğa səbəb ola bilər. Eyni zamanda hava çirkliliyi də oksidləşdirici stressi artıraraq sperma sağlamlığına mənfi təsir edir.

2. Həyat tərzi faktorları

Siqaret və spirt istifadəsi, yüksək şəkərli və emal olunmuş qidalarla qidalanma, piylənmə və hormon preparatlarının (testosteron əlavələri kimi) nəzarətsiz istifadəsi sperma keyfiyyətini və sayını azaldır.

3. Radiasiya və elektromaqnit təsiri

Telefon, Wi-Fi cihazları və digər texnoloji vasitələrdən gələn elektromaqnit dalğalar sperma DNT-sində zədələnməyə səbəb ola bilər.

Sperma sayını artıran və ata olmaq şansını yüksəldən 8 vacib tövsiyə

1. Aralıq dənizi tipli pəhriz

Meyvə, tərəvəz, tam taxıl və sağlam yağlarla zəngin pəhriz sperma parametrlərini yaxşılaşdırır.

2. Kimyəvi maddələrə məruz qalmanı azaldın

Plastik qablaşdırmalardan və sintetik maddələrdən uzaq durun. Orqanik qidaları seçin, qablaşdırılmış məhsullardan mümkün qədər çəkinin.

3. Sağlam çəki qoruyun

Piylənmə hormon balansını pozur, xaya temperaturunu artırır və sperma istehsalını zəiflədir.

4. Müntəzəm, amma orta intensivlikli idman edin

Fiziki aktivlik oksidləşdirici stressi azaldaraq sperma keyfiyyətini artırır. Amma həddindən artıq ağır idman, xüsusilə varikoselli kişilərdə zərərli ola bilər.

5. Siqareti və spirtli içkiləri tərgidin

Bu vərdişlər spermanın hərəkətliliyini və sayını azaldır. Tərgitmək reproduktiv sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

6. Laptopu qucaqda istifadə etməyin

Laptopdan gələn istilik xaya temperaturunu artırır, bu da sperma istehsalına zərər verir. Həmişə masa səthində istifadə edin.

7. Yüksək temperaturdan uzaq olun

Sauna və buxar hamamı kimi isti mühitlər sperma istehsalını zəiflədə bilər.

8. Stresi idarə edin

Xroniki stress hormon səviyyəsini pozaraq sperma keyfiyyətinə mənfi təsir edir. Meditasiya, psixoloji dəstək və diqqətlilik texnikaları faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun