Müasir insanların ən geniş yayılmış vərdişlərindən biri — yatmazdan əvvəl telefona baxmaq — düşündüyünüzdən daha ciddi tibbi nəticələrə səbəb ola bilər. Britaniyalı alimlərin apardığı yeni araşdırma göstərib ki, yatmazdan əvvəl cəmi 15 dəqiqə telefon işığına məruz qalmaq, melatonin hormonunun ifrazını 50%-ə qədər azalda bilər. Bu hormon isə insanın yuxuya getməsini və dərin yuxu mərhələsinə keçidini təmin edir.
E-saglam.az xəbər verir ki, tədqiqatçılar qeyd edir ki, xüsusilə mavi işıq spektrinə məruz qalmaq, beynin “hələ gündüzdür” siqnalı almasına səbəb olur. Bu isə bədən saatını qarışdırır və yuxu keyfiyyətini aşağı salır. Gecə yuxusunun pozulması isə təkcə yorğunluq deyil, həm də insulin müqaviməti, hipertoniya və yaddaş zəifliyi kimi sağlamlıq problemlərinin yaranmasına yol aça bilər.
London Universiteti professoru Dr. Helen Watts deyir: “Telefon işığı, xüsusilə sosial şəbəkələrdə keçirdiyimiz stimullaşdırıcı vaxt, beynin istirahətə keçməsinin qarşısını alır. Bu, orqanizmin gecə təmir funksiyalarını zəiflədir.”
Alimlər tövsiyə edir ki, yatmazdan ən azı 1 saat əvvəl ekranlardan uzaqlaşmaq, əvəzində kitab oxumaq və ya yumşaq musiqi dinləmək həm yuxu keyfiyyətini artırır, həm də bədənə öz ritmini qorumağa şərait yaradır.
Bu sadə dəyişiklik isə uzun müddətdə həm psixoloji, həm də fiziki sağlamlıq üçün ciddi faydalar gətirə bilər.
Tərcümə: Könül Oruc