Tibbi xəbərlər
Alzheimer xəstəliyinin səbəbi
Tibbi xəbərlər
128

Alzheimer xəstəliyinin səbəbi ağızdan başlaya bilər

Son illərdə aparılan araşdırmalar göstərir ki, Alzheimer xəstəliyi yalnız yaşlanma ilə bağlı beyin pozuntusu deyil, infeksiya nəticəsində də yarana bilər.

E-saglam.az xəbər verir ki, alimlər diş əti xəstəliyinə səbəb olan Porphyromonas gingivalis bakteriyasını Alzheimerlə əlaqələndiriblər.

Louisville Universitetindən mikrobioloq Yan Potempanın rəhbərlik etdiyi tədqiqatda, vəfat etmiş Alzheimer xəstələrinin beyinlərində bu bakteriya aşkarlanıb. Siçanlar üzərində aparılan təcrübələrdə isə bakteriya ağız yolu ilə orqanizmə daxil olduqda beyinə yayılıb, Alzheimerlə bağlı olan amiloid-beta zülalının istehsalını artırıb.

Mütəxəssislər həmçinin Alzheimer xəstələrinin beynində bakteriyanın ifraz etdiyi “gingipain” adlı zəhərli fermentləri də müəyyən ediblər. Bu fermentlər Alzheimerin əsas göstəricilərindən sayılan tau və ubiquitin zülalları ilə əlaqələndirilir. Ən maraqlı məqamlardan biri isə odur ki, bu maddələr hələ Alzheimer diaqnozu qoyulmamış şəxslərin beynində də aşkar edilib. Bu isə diş əti xəstəliyinin xəstəliyin başlanğıcında mühüm rol oynaya biləcəyini göstərir.

Hazırda COR388 adlı yeni bir preparatın siçanlar üzərində sınaqları aparılıb. Nəticələr göstərib ki, bu dərman bakteriyanın beynə təsirini azaldaraq həm amiloid-beta istehsalını, həm də iltihabi prosesləri zəiflədə bilir.

Elm adamları ehtiyatla yanaşsalar da, bu tapıntılar Alzheimerlə mübarizədə yeni yolların açılmasına ümid yaradır. Ağız sağlamlığının qorunması yalnız dişlər üçün deyil, beyin üçün də mühüm ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun