Tibbi xəbərlər
Tibb tarixində bir ilk: böyrəkləri qoruyan
Tibbi xəbərlər
160

Tibb tarixində bir ilk: böyrəkləri qoruyan mikroRNT kəşf edildi

Kanadanın Monreal Universiteti Xəstəxanası Araşdırma Mərkəzinin (CRCHUM) alimləri ilk dəfə olaraq böyrəklərdə kiçik qan damarlarını qoruya bilən mikroRNT müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, u kəşf xroniki böyrək xəstəliklərinin erkən diaqnostikası və müalicəsində mühüm addım hesab olunur.

Tədqiqatçılar miR-423-5p adlanan bu mikroRNT-nin qan nümunələri vasitəsilə böyrək mikrovaskulyar sağlamlığını qiymətləndirmək üçün güclü biomarker olduğunu sübut ediblər. Əvvəlcə siçanlarda, daha sonra böyrək nəqli olunan 51 xəstədə aparılan araşdırmalar molekulun damar sağlamlığını əks etdirdiyini göstərib. Bundan başqa, miR-423-5p-nin zədələnmiş böyrəklərə yeridilməsi kiçik damarların qorunmasına və böyrəklərin daha az zədələnməsinə səbəb olub.

Alimlər hesab edirlər ki, bu test orqan transplantasiyası və ürək-damar cərrahiyyəsi kimi qan axınının müvəqqəti dayandırıldığı prosedurlar zamanı damar sağlamlığının erkən qiymətləndirilməsinə imkan verə bilər. Bu, xüsusilə yaşlı pasiyentlərin, böyrək nəqli olmuş xəstələrin və yüksək risk qruplarının daha effektiv monitorinqinə şərait yaradacaq.

Hazırda tədqiqatçılar mikroRNT-ni böyrəklərə çatdırmaq üçün birbaşa inyeksiya ilə yanaşı alternativ üsullar üzərində də işləyirlər.

Mütəxəssislərin fikrincə, bu kəşf yalnız böyrək xəstəlikləri üçün deyil, həm də ürək, ağciyər və neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni imkanlar açır. Çünki kiçik damar itkisi bir çox xroniki xəstəliklərin gedişində əsas rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun