Qədim Misirdə “günəşin müqəddəs çiçəyi” adlandırılan çobanyastığı əsrlər boyu müxtəlif sağlamlıq problemlərinə qarşı istifadə olunub.
E-saglam.az xəbər verir ki, müasir tədqiqatlar isə onun faydalarını elmi şəkildə təsdiqləyib.
Diyetoloq Bet Çervoninin sözlərinə görə, çobanyastığının tərkibindəki əsas maddə apigenin beyindəki reseptorlarla birləşərək sinir sistemində aktivliyi azaldır və narahatlığı aradan qaldırır. Hətta bir neçə qurtum çobanyastığı çayı belə yuxu keyfiyyətini yaxşılaşdıra bilər.
Lakin faydaları bununla bitmir. Mirror-da dərc olunan bir hesabatda qeyd edilir ki, bu aromatik bitki flavonoidlər, terpenoidlər və kumarinlər kimi sağlamlıq üçün dəyərli birləşmələrlə zəngindir.
2020-ci ildə aparılan araşdırmaya görə, çobanyastığı çayı yalnız yuxunu tənzimləmir, həm də qan təzyiqini sabitləşdirməyə, iltihabı azaltmağa, qaraciyəri qorumağa və hətta xərçəng riskini azaltmağa kömək edə bilər.
Digər mühüm xüsusiyyətlərindən biri isə onun kaliumla zəngin olmasıdır. UCLA Health-ə görə, kalium sümük sağlamlığını dəstəkləyir, böyrək daşlarının qarşısını alır və ürək ritminin sabit qalmasına kömək edir.
Çobanyastığı eyni zamanda kalsium mənbəyi kimi də faydalıdır. Bu, sümük və dişlərin möhkəm qalmasına, əzələ daralmalarının tənzimlənməsinə və qanın normal laxtalanmasına dəstək olur.
Beləliklə, çobanyastığı çayı həm sinir sisteminə, həm də ürək-damar, sümük və ümumi sağlamlığa çoxsaylı müsbət təsirlər göstərir. Onun gündəlik rasiona əlavə edilməsi sadə, lakin faydalı bir vərdiş ola bilər.
Tərcümə: Könül Oruc