Uzun uçuşlardan sonra insanların ən çox etdiyi şeylərdən biri isti duş qəbul etməkdir. Lakin mütəxəssislər bu vərdişin sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
E-saglam.az xəbər verir ki, uçuş zamanı təyyarə salonundakı aşağı rütubət dərinin qurumasına səbəb olur. Britaniyanın “Daily Mail” qəzetinə görə, isti su bu quruluğu daha da artırır və dərinin təbii yağ qatını zədələyir. Mütəxəssislər bildirirlər ki, “uçuşdan sonra dərimiz artıq susuzlaşmış olur, isti duş isə həm quruluğu artırır, həm də dərinin qoruyucu baryerini pozur”.
Ekspert Endi Ellis əlavə edib ki, yüksək temperatur qan damarlarını genişləndirərək qan dövranına mənfi təsir göstərə bilər: “İsti duş şişkinliyi artıra və qan dövranı problemlərinə səbəb ola bilər”. O, sərnişinlərə isti su əvəzinə sərin və ya ilıq duş qəbul etməyi tövsiyə edir.
Fizioterapevt Bethany Tomlinson isə uçuş zamanı edilən başqa bir səhvə diqqət çəkib. Onun sözlərinə görə, “təyyarədə ayaqları çarpazlaşdırmaq qan axınını məhdudlaşdırır və damar tıxanması riskini artırır”. O, sağlam oturmaq üçün sərnişinlərə ayaqları bir qədər yuxarı qaldırmağı, çiyinləri rahat saxlamağı və oturacaqda arxaya söykənməyi məsləhət görüb.
Tərcümə: Könül Oruc