Yaşıl çayın müntəzəm istifadəsi beynin fəaliyyətini dəstəkləyə bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Natalia Çaevskaya NEWS.ru-ya müsahibəsində bu içkinin faydalarından danışıb.
Onun sözlərinə görə, yaşıl çay beyin üçün təbii “dopinq” hesab olunur. Bunun sirri isə tərkibindəki vitaminlər, minerallar, antioksidantlar və xüsusilə EGCG katexini ilə bağlıdır. Bu maddə hüceyrələrin təmizlənməsinə kömək edir, yəni beynin toksinlərdən azad olmasına şərait yaradır.
Mütəxəssis müsbət nəticə əldə etmək üçün gündə 2–4 fincan yüksək keyfiyyətli, təzə dəmlənmiş yaşıl çay içməyi tövsiyə edib. Onun sözlərinə görə, çay 70–80°C temperaturda 2–3 dəqiqə dəmlənməlidir. Lakin kofeinə həssas insanlar həddindən artıq qəbul etdikdə ürək döyüntüsünün sürətlənməsi və yuxu problemləri ilə qarşılaşa bilərlər.
Çaevskaya əlavə edib ki, mədə-bağırsaq xəstəlikləri olan şəxslər yaşıl çayı rasiona daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Anemiyadan əziyyət çəkənlər isə yeməkdən dərhal sonra deyil, ən azı bir saat sonra çay içməlidirlər.
Tərcümə: Könül Oruc