Sağlam həyat tərzini seçənlərin favoritlərindən biri olan zərdəçal bəzən düşündüyümüz qədər günahsız olmaya bilər.
E-saglam.az xəbər verir ki, ginekoloq Cen Günter xəbərdarlıq edir ki, zərdəçalın özü yox, onun pəhriz əlavəsi şəklində qəbulu ciddi sağlamlıq riskləri yarada bilər.
Həkim izah edir ki, zərdəçal əlavələri immuniteti gücləndirmək və xərçəngin qarşısını almaq məqsədilə reklam olunsa da, bu təsirlər elmi olaraq sübut edilməyib. Əksinə, bu əlavələrin yüksək dozada və müəyyən dərmanlarla birlikdə istifadəsi qaraciyər çatışmazlığına yol aça bilər.
“Zərdəçal ədviyyat şəklində yeməklərdə istifadəsi təhlükəsizdir. Amma eyni bitkinin kapsul və ya toz şəklində qəbulu bədənə fərqli təsir edir. Əlavə ilə ədviyyat eyni deyil,” – deyə Günter bildirir.
Zərdəçalda olan kurkumin maddəsi normalda orqanizm tərəfindən zəif sorulur. Əlavə istehsalçıları onun sorulmasını artırmağa çalışsalar da, bu, faydadan çox zərər gətirə bilər. Mütəxəssislər son illərdə artan qaraciyər zədələnmələrinin məhz bu əlavələrin geniş yayılması ilə əlaqəli olduğunu deyirlər.
Tərcümə: Könül Oruc